“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sistemi qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir. Xüsusi karantin rejimində elektron xidmətlərdən istifadə öz aktuallığını daha da artırıb və vətəndaşlar olduqları yeri tərk etmədən “ASAN Login” sistemi üzərindən rəqəmsal xidmətlərə daha çox müraciət edirlər.

Artıq “ASAN Login” sistemi üzərindən  1 000 000 – cu istifadəçi uğurla qeydiyyatdan keçib. Bu isə o deməkdir ki,  artıq 1 000 000 – dan çox vətəndaş “ASAN Login” sistemi vasitəsilə rəqəmsal xidmətlərdən heç yerə getmədən, zamana və resurslarına qənaət edərək rahat şəkildə istifadə edir.

Aprelin 1 – dən bu günədək “ASAN Login” sistemindən bir milyondan çox vətəndaş tərəfindən 2 milyona yaxın istifadə sayı qeydə alınıb.

“ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə daxil olmaq mümkündür.

“ASAN Login” yeni texnologiyalar (mikroservis arxitekturası) əsasında hazırlanmış müxtəlif sistemlər (veb, mobil) üçün mərkəzi identifikasiya və autentifikasiya sistemidir. Sistemin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, vətəndaş https://asanlogin.my.gov.az portalında bir dəfə qeydiyyatdan keçməklə sistemə inteqrasiya olunmuş bütün digər qurumların elektron sistemlərinin və portallarının xidmətlərindən asanlıqla yararlana bilir. Beləliklə vətəndaşların işi sadələşir, müxtəlif portallarda qeydiyyatdan keçməyə, müxtəlif  istifadəçi adı və parolları yadda saxlamağa ehtiyac qalmır.
Vətəndaş “ASAN Login” sisteminə daxil olduqda inteqrasiya olunmuş bütün sistem və portallara avtomatik giriş edə, hər hansı birindən çıxdıqda isə bütün sistemlərdən çıxış edə bilir. Bu isə təkrarçılığın qarşısını alaraq zamana qənaət edir.

“ASAN Login” sistemindən qeydiyyatdan keçən vətəndaş “e-Sosial”, “e-Agro”, “e-Satınalma”, “ASAN ödəniş”, “e-Hərrac”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ADRA İcazələr sistemi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi, İcazələrin alınması və monitorinqi sistemi və digər sistemlərə giriş edə bilir. “ASAN Login”dən qeydiyyatdan keçənlər ,həmçinin “myGov” platformasından iş yeri, yaşayış yeri, ailə tərkibi kimi elektron arayışları əldə edə, elektron etibarnamə əldə etmək üçün müraciət və digər elektron xidmələrdən yararlana bilirlər. Həmçinin vətəndaşlar “myGov” platforması üzərindən şəxsi, pasport, hərbi xidmət, hərbi qulluq, cərimə, adlarında olan etibarnamələr, daşınmaz əmlak və digər  məlumatlarına baxa  bilirlər.

Elektron Hökumətin İnkişafı Mərkəzi bütün vətəndaşları “ASAN Login” sistemindən qeydiyyatdan keçərək elektron xidmətlərdən istifadə etməyə, bununla da zaman və resurslara qənaət edərək evdə qalmağa səsləyir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: