3-cü Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək
Azərbaycanda son onilliklər ərzində həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də böyük irəliləyişlər baş vermişdir. Son illər ərzində tibb təhsili, peşəkar kadr hazırlığı və mütəxəssislərin ixtisaslaşması, peşə təhsilinin mükəmməlləşdirilməsi, ən qabaqcıl avadanlıqlarla təchiz olunmuş müasir tibb müəssisələrinin inşa edilməsi sahəsində ciddi işlər görülmüşdür. Bu gün aparılan uğurlu səhiyyə siyasəti sayəsində Azərbaycan digər sahələrdə olduğu kimi, tibb sahəsində də regionun lider dövlətinə və bu yönümdə keçirilən beynəlxalq tədbirlərin mərkəzinə çevrilməkdədir. Bu baxımdan 20-24 Aprel 2017-ci il tarixlərində Bakıda Monolit Plaza otelində keçiriləcək 3-cü Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi və 1-ci Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çox ciddi əhəmiyyət kəsb edir.
Artıq 3-cü ildir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa Mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il də 24 CME kredit balı ilə qiymətləndirimişdir. Konqresdə Almaniyanın, İsveçrənin, Yaponiyadan və Türkiyənin müxtəlif Universitet Klinikalarında çalışan 15 nəfərə yaxın professorlarla yanaşı azərbaycanlı mütəxəssislər də referent və ekspert qismində iştirak edəcəklər. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən azərbaycandan və xarici ölkələrdən gəlmiş 500-dən çox konqres iştirakçısına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi aparılacaqdır.
Kongreslə eyni zamanda regionda ilk dəfə olaraq beynəlxalq statuslu 1-ci Bakı Beynəlxalq Tibbi Treyninq Günləri də keçiriləcəkdir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, radiologiya, ginekologiya və intensiv terapiya sahələrində Avropada tanınmış Davos Tibb Kurslarının proqramı əsasında beynəlxalq səviyyəli treyninqlər təşkil ediləcəkdir. Treyninqlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaqdır. Konqresdə və treyninqlərdə azərbaycanlə həkimlərlə yanaşı Türkiyə, Ukrayna, Qazaxstan, Özbəkistan, Dağıstan və Gürcüstandan da iştirakçılar qatılacaq və konqresin işindən yararlanacaqlar. Hesab edirik ki, bununla tibb sahəsində də Bakının adını daşıyan beynəlxalq səviyyəli bir forumun hər il Azərbaycanda keçirilməsi və yüzlərlə xarici mütəxəssisin öyrənmək məqsədilə ölkəmizə gəlməsi Azərbaycanın Beynəlxalq nüfuzunun daha da artmasına kiçik bir töhvə olacaqdır.
Frame.az