Şəkidə ABAD keramika: Ənənəvi sənət müasir yanaşma ilə yaşadılır
Şəkinin tarixi mərkəzində yerləşən ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi milli sənətkarlıq ənənələrinin qorunması, keramika sənətinin inkişafı və yerli ustaların yaradıcılığının təşviqi baxımından diqqət çəkən məkanlardan biridir.
2018-ci ildə fəaliyyətə başlayan mərkəz “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, XIX əsrə aid tarixi binada yerləşir. Burada qədim keramika ənənələri müasir yaradıcılıq yanaşmaları ilə birləşdirilir, gil sənətinin incəlikləri ziyarətçilərə təqdim olunur.
Mərkəzin fəaliyyətində əsas istiqamətlərdən biri keramika məmulatlarının hazırlanması prosesinin nümayişi, sənətə marağı olan şəxslərin maarifləndirilməsi və ustad dərslərinin təşkilidir. İştirakçılar gilə forma verməkdən tutmuş, müxtəlif dekorativ elementlərin yaradılmasına qədər keramika sənətinin mərhələləri ilə tanış olmaq imkanı əldə edirlər.
ABAD-ın sənətkarlıq sahəsindəki fəaliyyəti həm də ailə bizneslərinin inkişafı və yerli istehsalın dəstəklənməsi ilə əhəmiyyət daşıyır. Əl işlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi sənətkarların əməyinin iqtisadi dəyərə çevrilməsinə şərait yaradır.
Keramika sənəti Şəkinin zəngin mədəni irsinin mühüm elementlərindən biridir. Bu sənətdə istifadə olunan material, formalar və bəzək elementləri ustanın fərdi yanaşmasını əks etdirməklə yanaşı, ənənə ilə müasirliyin vəhdətini də nümayiş etdirir.
ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi sənətkarlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi, yerli yaradıcılığın təşviqi və Şəkinin mədəni turizm potensialının artırılması baxımından əhəmiyyətli məkan kimi diqqət çəkir.

