EventsTurizmTəqdimat

Azərbaycan haqqında məlumatlılığın artırılması məqsədilə silsilə tədbirlər davam edir

Dekabrın 17-si və 21-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən ikincisi və üçüncüsü keçirilib.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, Asiya Şotlandiya İnstitutunun (Asia Scotland Institute) dəstəyilə təşkil olunan vebinar “İpək Yolunda Mədəniyyət, Həyat Tərzi və Biznes: Qafqaz Regionunda Optimizm Rəmzi olan Müasir Memarlığa Diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və ənənələrinə həsr olunub.

Tədbirdə “Heydər Əliyev Mərkəzi” layihəsinin dizayneri və “Zaha Hadid Architects” memarlıq şirkətinin əməkdaşı olmuş Saffet Kaya Bekiroglu, “Haptic Architects”, “K2India” şirkətlərinin nümayəndələri spiker qismində iştirak ediblər.

Vebinarda Heydər Əliyev Mərkəzinin tikinti prosesi, unikal dizayn layihəsi, texniki xüsusiyyətləri, funksionallığı və mədəni və ictimai baxımdan beynəlxalq əhəmiyyəti barədə müzakirələr aparılıb. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin dizaynı ölkənin tarixi ənənələri ilə yanaşı gələcək inkişaf istiqamətlərini özündə əks etdirərək Zaha Hadidin ən mühüm memarlıq incilərindən biri hesab olunur.

Saffet Kaya Bekiroglu Heydər Əliyev Mərkəzinin layihələndirmə mərhələsində memarların əsas məqsədlərindən biri “Bilbao effektinə”, yəni tikilinin beynəlxalq səviyyədə destinasiyanın rəmzinə çevrilməsi və turistlər arasında tanınmasına nail olmaq olub.

Tədbirdə, həmçinin Bakı şəhərinin əsrlərboyu İpək Yolunun üzərində yerləşməsinin bir çox sahələr kimi ölkənin memarlıq sənətinə də təsir etdiyi vurğulanıb.

Dekabrın 21-də keçirilən 3-cü salon vebinar “Əsrlər boyunca Cazibə: Azərbaycan Xalçalarının Tarixi” mövzusu ilə Azərbaycanın xalçaçılıq ənənələrinə həsr olunub.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, şərq xalçaçılıq sənətinin tədqiqatçısı Stefano İonesku, Berlin İslam İncəsənəti Muzeyinin mütəxəssisi Anna Beselin spiker qismində çıxış ediblər.

Vebinarda xalçaçılıq sənətinin Azərbaycan incəsənəti, tarixi və mədəni irsində xüsusi rolu, Azərbaycan xalçalarının fəlsəfəsi, qədim və müasir zamanlarda insanların dünyagörüşünün formalaşmasına təsiri, müxtəlif xalçaçılıq məktəbləri, Qarabağ xalçaçılıq məktəbinin Azərbaycanın xalçaçılıq sənətinin inkişafında rolu barədə müzakirələr aparılıb.

Tədbir zamanı, həmçinin Metropoliten Muzeyi, Viktoriya və Albert Muzeyi, Berlin İslam İncəsənəti Muzeyində nümayiş olunan dünyaca məşhur Azərbaycan xalçaları, şahanə və sadə xalçalar arasında fərqlər haqqında məlumat verilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Azərbaycanda xalçaçılığın inkişafının əsas faktorlarından biri də ölkənin unikal iqlim tipləri və endemik təbii boyaların mövcudluğudur. Anna Beselin 2017-ci ildə Bakıda keçirilmiş xalçaçılıq sənətinə həsr olunmuş simpoziumda iştirakı, sözügedən simpozium üçün Berlində restavrasiya olunmuş “Qalxan” xalçası barədə məlumat verib. Cənab İonesku isə Azərbaycana müxtəlif səfərləri, Milli Xalça Muzeyi ilə əməkdaşlığı və muzey kolleksiyasının toplanmasında öz töhfəsi haqqında danışıb.

Qeyd edək ki, beynəlxalq aparıcı araşdırma mərkəzləri, geosiyasi, işgüzar, mədəni təşkilatlar və şəbəkələrin dəstəyi ilə keçirilən vebinarların əsas məqsədi Azərbaycan haqqında hərtərəfli məlumatlılığın artırılması və hədəf kütlələri ölkənin turizminə töhfə verəcək sahələr barəsində məlumatlandırmaqdır.

Layihə çərçivəsində Azərbaycanın şərabçılıq sənayesi, memarlıq sənəti, xalçaçılıq tarixi və ənənələri kimi mövzulara həsr olunmuş 5 salon vebinarın keçirilməsi nəzərdə tutulub. İlk salon-vebinar “Sülh, Saziş və Transqafqaz regionu: Azərbaycana İqtisadi Baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə həsr olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!