Azərbaycanın ilk qablaşdırılmış süfrə suyu-Badamlı
“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, “Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunmuşdur. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla, istehsal gücü 18 min butulkaya çatdırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələrdə olduğu kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Burada ikimərtəbəli inzibati bina tikilmiş, müəssisədə çalışanlara iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yaradılmışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabət qabiliyyətli müəssisəyə çevrilmişdir.
Müəssisəyə iki boru xətti çəkilmişdir. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu 35 kilometrdir. Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və hər birinin tutumu 250 ton olan qapalı hovuzlara yığılır. Hovuzlarda su 2 gün saxlanılır, sonra filtrdən keçirilərək istehsal sexinə verilir. Suyu boşaldıqdan sonra hovuzlar xüsusi maddələrlə yuyulur, dezinfeksiya edilir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 10 çeşiddə mineral su istehsal olunur. Plastik butulkalar və qapaqlar üçün 2011-ci ilin fevral ayında istifadəyə verilmiş “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarından istifadə edilir.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. İstehsal prosesinin avtomatlaşdırıldığı müəssisədə standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli məhsul istehsalına nail olunmuşdur. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Zavodda tələbata uyğun olaraq, 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız su istehsal edilir. Müəssisənin məhsulları muxtar respublika ərazisində, Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində satışa çıxarılır. Onu da qeyd edək ki, “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə Almaniya istehsalı olan “Mersedes-Benz Axor” markalı yük avtomobilləri alınmışdır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır. “Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə, mərkəzi ofisi İngiltərədə yerləşən Beynəlxalq “Global Group” sertifikatlaşdırma təşkilatı tərəfindən 2009-cu ilin aprel ayında İSO-22000-2005, oktyabr ayında isə İSO-9001-2008 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Badamlı” mineral süfrə suyunun yüksək keyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin açarıdır.
Kərəm Həsənov.
Frame.az http://www.badamli.az/