IqtisadiyyatMobil dünyaTəqdimat

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və “ASAN imza” BMT-nin iqtisadi forumunda təqdim olunub

BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə virtual rejimdə “COVID-19 pandemiyasından sonra sosial-iqtisadi dirçəlişin dəstəklənməsində regional əməkdaşlıq” mövzusunda SPECA İQTİSADİ FORUMU – 2020 keçirilib.

“B.EST Solutions” şirkətindən Frame.az-a bildirilib ki, SPECA-nın əsas məqsədi SPECA regionunda iqtisadi əməkdaşlığın inkişafına kömək, SPECA-ya üzv ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası və davamlı inkişaf məqsədlərinə (DİM) nail olmaq məqsədilə transsərhəd əməkdaşlıq üçün platformanın təqdim edilməsindən ibarətdir. COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhran, SPECA ölkələri də daxil olmaqla, dünya cəmiyyətləri və ölkələrinə ciddi ziyan vurub. Böhran səbəbilə istehsalın pozulması, məşğulluq və əhalinin gəlirlərində kəskin azalma baş verib. Bununla yanaşı, özünütəcrid və lazımi lokdaun tədbirləri sosial-iqtisadi problemləri daha da artıraraq, DİM-lərə çatma perspektivləri üçün proqnozu xeyli aşağı salıb. SPECA-ya üzv ölkələr olan Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri bu mövzuda məruzələrini təqdim edərək fikirlərini bölüşüblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı COVID-19 sonrası və münaqişədən sonrakı vacib dövrlər üçün bərpa işlərilə bağlı hökumətin planları barədə çıxış edib. O, Azərbaycan torpaqlarının tamamilə azad olunmasından sonra istifadə ediləcək yeni strateji yol xəritələrini təqdim edərək ölkədə tətbiq olunan rəqəmsal texnologiyaların əhəmiyyətini vurğulayıb: “Azərbaycan transsərhəd və sənədsiz ticarətin asanlaşdırılması üçün hərtərəfli və effektli olacaq infrastruktur yaradıb. Azərbaycan Rəqəmsal Ticarət Qovşağının elektron rezidentlik və mobil rezidentlik proqramları dünyanın hər yerindən olan sahibkarlara yaşadıqları məkandan asılı olmayaraq ölkəmizdə işlərini qurmağa və idarə etməyə imkan verəcək. Bu proqramlar sayəsində istifadəçilər hökumət tərəfindən təqdim edilən rəqəmsal ID kartlarından istifadə edərək Rəqəmsal Ticarət Qovşağının transsərhəd elektron xidmətlərinə əlyetərlik əldə edə biləcəklər. Qeyd etmək vacibdir ki, heç kəs bizim texnologiya strategiyamızdan kənarda qalmır və Rəqəmsal Ticarət Qovşağı bütün maraqlı tərəflərlə – dövlət və özəl sektoru təmsil edən təşkilatlarla qarşılıqlı əlaqələr yaradır, eləcə də davamlı yenidənqurma işlərində də böyük rol oynayır”.

V.Qasımlı başqa bir innovativ layihə olan “Azexport.az”dan da danışıb. Bildirib ki, bu layihə də Azərbaycan mallarının və xidmətlərinin böyük bir rəqəmsal bazarıdır, onun vasitəsilə Azərbaycan biznesi yeni bazar sahələrinə çıxa, eləcə də ticarət və ixracatı genişləndirə bilər.

Azərbaycandan daha bir nümayəndə -“ ASAN imza” mobil elektron imzanın texniki operatoru və Azərbaycan Rəqəmsal Ticarət Qovşağının (RTQ) partnyoru olan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru Jana Krimpe “İqtisadiyyatın hərtərəfli və effektli şəkildə bərpası üçün transsərhəd ticarətin və sənədsiz ticarət prosedurlarının sadələşdirilməsi” adlı üçüncü sessiyada RTQ-nin tətbiqi ilə bağlı ətraflı təqdimat edib. RTQ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “PAŞA Bank”, “B.EST Solutions” və “AzerTelecom” arasında dövlət-özəl tərəfdaşlıq konsorsiumu hesab edilir. RTQ həm dövlət, həm də özəl sektorun nümayəndələrinin rəqəmsal işçilər, frilanserlər və sahibkarlar üçün əlverişli iş mühitinin yaradılması məqsədilə görüşdükləri mərkəzdir. Məruzəçi bu layihənin həm regionda, həm də dünyada əhəmiyyətini vurğulayaraq bildirib ki, RTQ-nin gələcək inkişafı COVID sonrası dövrdə ölkənin sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyanın köməyilə bərpa olunmasına davamlı olaraq təsir göstərəcək.

J. Krimpe, eyni zamanda, m-Rezidentlik layihəsindən də bəhs edib: “Biz dünyada unikallığı ilə ilk və Estoniyadan sonra e-rezidentlik – virtual rezidentlik layihəsində ikinci olan bu layihənin işə başlaması ilə çox qürur duyuruq. Qeyd etmək istərdik ki, bu layihə dünyadakı hər bir insanın iqtisadiyyatımızda iştiraka cəlb edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu proqram vasitəsilə hər kəs yaşadığı məkandan asılı olmayaraq, Azərbaycanda şirkət yarada və lazımi bank xidmətlərinə sahib ola biləcək. J.Krimpe, həmçinin Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin yeni iqtisadi inkişaf dövrünün başlanğıcı olacağını və transsərhəd sənədsiz elektron ticarət üzrə tədbirləri əhəmiyyətli dərəcədə sürətləndirəcəyini də söyləyib.

O, pandemiyanın təsirindən də danışıb: “COVID-19 dövründə onlayn tranzaksiyaların sayı nəzərəçarpacaq dərəcədə artıb və bu prosesə ölkənin bütün strukturları cəlb olunub. Beləliklə, bu strukturlar sürətlə uzaq məsafədən qoşulma xidmətlərini göstərməyə başlayıblar. Hökumət dərhal reaksiya göstərərək təcrid zamanı vətəndaşlara xidmət etmək üçün çox sayda yeni onlayn xidmətlər yaradıb”. O, Azərbaycanın bu cür fövqəladə hallarda operativ reaksiya nümunəsinin digər ölkələr üçün də aktual ola biləcəyini diqqətə çatdırıb.

J.Krimpe qeyd edib ki, e-ticarət üzrə işlərin sürətləndirilməsi üçün siyasi marağın olması çox vacibdir və hökumət infrastruktur, elektron ticarət və transsərhəd xidmətlərin inkişafında aparıcı rol oynayır.

Yuxarıda göstərilən faktlarla əlaqədar olaraq, BMT-nin Tacikistandakı koordinator-rezidenti xanım Sezin Sinanoğlu m-rezidentlik proqramının öyrənilməsinin digər ölkələr üçün maraqlı bir nümunə olacağını qeyd edib: “İndi bütün dünyada böyük təcrübə və innovasiya üçün potensial var. Bu, bir-birimizdən öyrənmək üçün əla bir fürsətdir. Kimin nəyə sahib olduğunu bilmək üçün. Azərbaycanın “B.EST Solutions” şirkətindən olan həmkarımızı sevinclə qarşılayırıq. Özəl sektorla birbaşa əməkdaşlıq: onlar həll yollarını bilirlər – bu həll yolları üçün ideya və təklifləri var. Onların nə ilə ticarət edəcəklərinə yardım etmək üçün dialoqumuza dəvət edək”.

UNESCAP-ın Ticarət Siyasəti və Əlaqələndirmə şöbəsinin rəhbəri Yan Dyüval da Azərbaycan təmsilçisinin təqdimatına dair vacib bir şərh əlavə edib: “Azərbaycan rəqəmsal və sadələşdirilmiş ticarət prosedurlarında dünyanın liderlərindən biridir”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!