TurizmTəqdimat

Azərbaycanın turizm potensialı Hindistanda keçirilən beynəlxalq sərgidə təbliğ olunur

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2023” səyahət sərgisində milli stendlə təmsil olunur.

 

“Azərbaycan Hava Yolları” QSC də daxil olmaqla ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə milli stendimizə və təbliğ edilən turizm məhsullarına xüsusi maraq müşahidə edilir.

 

Sərgi çərçivəsində Hindistandan olan tərəfdaşlarla gələcək əməkdaşlığa dair müzakirələr aparılır, media nümayəndələri ilə görüşlər keçirilir.

 

Tədbir zamanı Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Postpandemiya dövründə turizm sənayesinin üzləşdiyi çətinliklər və yeni imkanlar” mövzusunda təşkil olunan paneldə spiker qismində çıxış edib.

 

Fevralın 4-dək davam edəcək beynəlxalq sərgidə dünyanın 55-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox turizm sənayesi nümayəndəsi, 25 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 60731 nəfər təşkil edib. Hindistan həmin ildə Azərbaycana ən çox ziyarətçinin səfər etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!