“Azərkosmos” və Belarus Respublikasının Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Belarus Respublikasının Milli Elmlər Akademiyasının “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) səfər edib.

Səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, operatoru olduğu peyklər və Azərbaycanın kosmik proqramı haqqında məlumat verilib. Daha sonra qonaqlar Azərbaycan Respublikasının Kosmik Agentliyinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olublar.

Səfərin sonunda “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.

 

 “Azərkosmos” haqqında

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: