Baku 2017

Bakı 2017 Oyunlarının medalları təqdim edildi

12 may tarixində keçiriləcək Açılış Mərasiminə 35 gün qaldığı bir vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançıların qazanmağa can atacağı medalları təqdim edib.

Xüsusi olaraq hazırlanmış medallar dəsti Bakı 2017 oyunları üçün püşk atma mərasimindən sonra baş tutan mərasimdə Gənclər və İdman Naziri və AİHOƏK-nin Baş İcraçı Direktoru cənab Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.

Mərkəzində Bakı 2017 oyunlarının loqosu olan qızıl, gümüş və bürünc medalların dizaynının ifadə etdiyi əsas fikir ənənəvi Azərbaycan xalça naxışlarında rast gəlinən İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanır.

Ölkənin zəngin mirasını simvolizə edən və çox zaman mühüm tarixi məqamları əks etdirən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini – sülh, birlik, hörmət və mükəmməlliyi nümayiş etdirmək məqsədilə zərif şəkildə bir-biri ilə əlaqələndirilib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Diametri 80 mm, qalınlığı 9 mm olan medallar “Azərsuvenir” tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.
Oyunlarda dörd qitədə yerləşən İHİF-ə daxil olan ölkələr, 10 gün davam edəcək idman yarışlarında 20 idman növü üzrə yarışacaq beynəlxalq səviyyəli idmançılar iştirak edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış və Bağlanış Mərasimləri daxil olmaqla Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına təxminən 500,000 tamaşaçının gəlməsi gözlənilir.

Medalların dizaynının açıqlanması haqqında danışan Gənclər və İdman Naziri və AİHOƏK-nin Baş İcraçı Direktoru cənab Azad Rəhimov bildirib: “Bakı 2017 oyunlarının medallarının dizaynının açıqlanması oyunların keçirilməsi ilə əlaqədar səfərimizin daha bir mühüm addımıdır. Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və ən yaxşı idmançılara təqdim ediləcək”.

“Bakı 2017 İslam Həmrəyliyi Oyunları bütün inanc və milliyyətdən olan idmançıları sülh və hörmət ruhu ilə bir yerə toplayacaq”, – deyə, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud qeyd edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!