EventsMədəniyyətTəqdimat

Bursada Azərbaycanın iştirakı ilə keçirilən TÜRKSOY mədəniyyət nazirlərinin iclası sona çatıb

Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 39-cu iclası başa çatıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə keçirilən iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasın sədri və TÜRKSOY-un baş katibi Sultan Rayev cari ildə görülən işlərdən, həyata keçirilmiş mədəniyyət layihələrinin əhəmiyyətindən danışıblar. Şuşanın 2023-cü ildə türk dünyası mədəniyyət paytaxtı olacağını xatırladan çıxışçılar əminliklə bildiriblər ki, Azərbaycan bu layihəni yüksək peşəkarlıqla həyata keçirəcək.

Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə hər zaman ciddi dəstək və böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Anar Kərimov “Bursa-türk dünyasının mədəniyyət paytaxtı-2022” beynəlxalq layihəsinin uğurla həyata keçirilməsi münasibətilə təbriklərini çatdıraraq deyib: “TÜRKSOY daimi olaraq mədəni irs nümunələrimizin TÜRKSOY məkanında təbliği üçün çox mühüm tədbirlər həyata keçirir. TÜRKSOY-un dəstəyi ilə türkdilli ölkələrin teatr xadimlərinin görüşləri, rəssamların birgə sərgiləri, film festivallarının keçirilməsi, BMT, UNESCO və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, türk dünyasının mədəniyyət paytaxtı layihəsi, xüsusi medal və mükafatların təsis edilməsi, türk dünyasının dahi şəxslərinin yubiley illəri və digər onlarca bu kimi layihələrin uğurla həyata keçirilməsi türk xalqlarının mədəniyyətinin öyrənilməsində, onların bir-biri ilə yaxınlaşması və əməkdaşlığın dərinləşməsində xüsusi rol oynayıb.

Bildiyiniz kimi, bu quruma üzv ölkələrin təqdim etdiyi təkliflər əsasında hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar hadisələr və yubiley tədbirlər TÜRKSOY-un iş planına salınır və yüksək səviyyədə üzv ölkələrdə qeyd olunur”.

TÜRKSOY tərəfindən 2017-ci ilin Molla Pənah Vaqif, 2018-ci ilin Qara Qarayev, 2019-cu ilin İmadəddin Nəsimi, 2022-ci ilin Fikrət Əmirov illəri elan edilməsi və bu münasibətlə açılış mərasimləri, konfranslar, kitab nəşrləri və təqdimatların keçirilməsini türk mədəniyyətinin inkişafı və təşviqindəki müstəsna rol kimi dəyərləndirən Anar Kərimov təşkilatın digər fəaliyyət istiqamətlərindən bəhs edərək əminliklə bildirib ki, qədim Şuşa şəhəri 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı kimi ev sahibliyi edərək bu layihəyə yeniliklər gətirəcək, töhfələr verəcək.

İclasda TÜRKSOY-un tarixi missiyası, ötən dövrdə qazanılan nailiyyətlər, qarşıda duran vəzifələrdən danışılıb. Diqqətə çatdırılıb ki, türk xalqlarının dəyərlərinin və mədəniyyətinin qorunmasında və inkişafında TÜRKSOY-un həyata keçirdiyi layihələr misilsiz gücə malikdir.

Vali Yakup Canpolat və Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edərək bu mərasimlərdə iştirak edən bütün tərəflərə minnətdarlıqlarını ifadə ediblər.

İclasda Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət Komitəsinin sədri Roza Karibzhanova, Qırğızıstanın İnformasiya, idman və gənclər siyasəti naziri Altynbek Maksutov, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradov, Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin müavini-turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər, Beynəlxalq Türk Akademiyası prezidentinin vəzifələrini icra edən Fuzuli Məcidlinin çıxışları dinlənilib. Görülən işlərə qiymət verilib, yeni mədəniyyət layihələrinə dair təkliflər irəli sürülüb, türk dövlətləri və xalqları arasında əlaqələrin daha da genişləndirilməsində mədəniyyət diplomatiyasının rolu yüksək dəyərləndirilib.

Ümumilikdə iclasda Daimi şuranın ötən dövrdə görülən işləri nəzərdən keçirib qarşıda duran vəzifələrdən danışılıb. TÜRKSOY-un tarixi missiyası, ötən dövrdə qazanılan nailiyyətlər yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, türk xalqlarının dəyərlərinin və mədəniyyətinin qorunmasında və inkişafında TÜRKSOY-un həyata keçirdiyi layihələr misilsiz gücə malikdir. O cümlədən “Qorqud Ata” Türk Dünyası Film Festivalı da daxil olmaqla bu təyinatlı tədbirlər qarşılıqlı olaraq mədəniyyətlərin inteqrasiyasını təmin edir.

Fasilədə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Şuşa-2023” türk dünyasının mədəniyyət paytaxtı fotosərgisinin açılışı olub.

Nümayəndə heyətinin rəhbərləri iclasın yekun protokolunu imzalayıblar.

Bursanın 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtına ev sahibliyi etməsi, eləcə də İkinci “Qorqud Ata” Türk Dünyası Film Festivalının təşkili yüksək dəyərləndirilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin 2023-cü ildə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı çərçivəsində keçirmək üçün təqdim etdiyi bütün layihələr, nəzərdə tutulan tədbirlər planı qəbul edilib.

Yekdil qərara görə, 2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhəri olacaq.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasına sədrlik Türkiyədən Azərbaycana keçib.

Beləliklə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 40-cı iclası Şuşa şəhərində keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!