OperaTəqdimat

C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcəkdir

Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri olan C.Verdinin  “Riqoletto”operasının tamaşası keçiriləcəkdir.

Tamaşada Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi – Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq  müsabiqəsinin laureatı Əvəz Abdullayev ifa edəcəkdir.  Hazırda Almaniyanın Manheym  Milli Opera Teatrında kontraktla çalışan Əvəz azərbaycanlı operasevərləri və doğma Teatrını da unutmur. Vaxtaşırı Bakıya gəlir və Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaçılar qarşısında repertuarındakı ən parlaq rollarla çıxış edir.

Ə.Abdullayevlə yanaşı tamaşada Azərbaycanın Xalq artisti Əli Əsgərov (Sparafuçille), gənc solist Nina Makarova (Maddalena) da çıxış edəcəklər.

Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını Belarus Milli Akademik Böyük  Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova ifa edəcəkdir. T.Qavrilova Hollandiya, İtaliya, Almaniya, Estoniya kimi ölkələrdə qastrol səfərlərində olmuşdur. Cilda partiyasının ən yaxşı ifaçılarından biri hesab olunur.

Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin “Riqoletto” operasının tamaşasında Hersoq rolunu ifa etmək üçün dəvət olunmuşdur.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

Frame.az

Leave a Reply