IqtisadiyyatTurizmTəqdimatƏn SonƏn Son

Florian Zenqstşmid: “Aqroturizmin inkişafı üçün Azərbaycan unikal və geniş potensiala malikdir”

Dövlət Turizm Agentliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının təşkilatçılığı ilə “Qlobal səyahətçilərin gözündən Azərbaycanın aqroturizm və ekoturizm potensialı” mövzusunda vebinar keçirilib.

Frame.az xəbər verir ki, vebinarda çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx ölkəmizin geniş turizm potensialına malik olduğunu, eləcə də kənd təsərrüfatı ölkəsi kimi burada aqroturizmin inkişafı üçün çoxşaxəli imkanların mövcudluğunu, bu sahədə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə USAID-in əməkdaşlıq etdiyini, “Aqroturizm üzrə bələdçi kitabı”nın bu əməkdaşlıq çərçivəsində hazırlandığını qeyd edib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid vebinarda çıxış edərək son illərdə qlobal turizmdə aqroturizm və ekoturizmin əhəmiyyətinin artmasını, eləcə də post-pandemiya dövründə aqroturizm kimi yeni turizm növlərinə daha çox ehtiyac yaranacağını, regionlarda aqroturizmin inkişafı istiqamətində müəyyən addımlar atıldığını, bu sahənin inkişafı üçün ölkəmizin potensialının unikal və geniş olduğunu bildirib.

O, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin kənd turizminin inkişafının prioritetlərdən biri olduğunu vurğulayıb. Florian Zenqstşmid əlavə edib ki, Azərbaycanda turizmin müxtəlif növlərini, o cümlədən regional turizmi inkişaf etdirməklə dayanıqlı turizmə nail olmaq qarşıda duran əsas məqsəddir.

F. Zenqstşmid Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən regionların turizm potensialının daha effektiv istifadəsi üçün artıq 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, yeni idarəetmə modeli olaraq DMT-lər yerli səviyyədə dövlət-özəl sektor tərəfdaşlığında mühüm rol oynayırlar.

Eyni zamanda, kiçik və orta sahibkarlığa dəstək verilməsi, müvafiq təlimlərin keçirilməsi, yerləşmə yerlərinin standartlara uyğunlaşdırılması, iş yerlərinin yaradılması, qadınların, az təminatlı şəxslərin kənd turizmində rolunun artırılması kimi məqamların əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Layihələrin idarəolunması şöbəsinin müdiri Zaur Bayramov “Şəhərdən kəndə” layihəsi haqqında məlumat verərək bildirib ki, layihə yerli və xarici turistləri kənd yerlərinə cəlb etməklə fermerlər və aqro-sahibkarlar üçün alternativ satış kanalı və gəlir mənbəyi əldə etmək, məhsullarını birbaşa təklif etmək imkanı tanıyır.

Amerikalı turistlərin Azərbaycan kəndlərinə qastronomiya turlarının təşkilatçılığı ilə məşğul olan Fəridə Buyuran Xınalıq, Kiş, Nic və bu kimi özünəməxsus kəndlərə böyük maraq göstərildiyini, məhz etnik müxtəlifliyin, adət-ənənələrin fərqliliyinin, müasir təsirlərdən uzaq qalan kəndlərin unikallığının Azərbaycanda kənd turizminin inkişafı üçün əsas amillərdən biri olduğunu vurğulayıb.

USAID-in Azərbaycanda özəl sektora dəstək üzrə yeni “Private Sector Activity” (PSA) layihəsinin əməkdaşları Elşən Baloğlanov və Fuad Ağayev USAID-in Azərbaycanda aqroturizmin inkişafına verə biləcəyi mümkün dəstək mexanizmləri, mövcud risklər və onların aradan qaldırılması üçün standartlaşmanın vacibliyi kimi mövzular barəsində məlumat veriblər.

Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!