“Gələcəyin mədənçisi” layihəsinin qalibləri müəyyənləşib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən kadr hazırlığı və sosial məsuliyyət fəaliyyəti çərçivəsində elan edilən “Gələcəyin mədənçisi” layihəsinin qalibləri müəyyənləşib.
QSC-dən bildirilib ki, Daşkəsən rayonunun 1, 2, 3, 4 saylı, eləcə də Quşçu və Bayan kənd orta məktəblərində təhsil alan 10-cu sinif şagirdləri arasında təşkil edilən test imtahanı və inşa yazısı müsabiqəsində ən yaxşı nəticə göstərən 10 nəfər şagird qalib elan edilib. Həmin şagirdlər QSC-nin dəstəyi ilə ali məktəblərə hazırlıq kursuna cəlb edilib və onların hər biri üçün 20 aylıq hazırlıq prosesinin bütün xərcləri QSC tərəfindən qarşılanacaq.
Layihə çərçivəsində, qalib məktəblilərin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanışlıq səfəri təşkil edilib. Əvvəlcə şagirdlərə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, onlar xüsusi geyim dəstləri ilə təmin ediliblər. Daha sonra şagirdlərə qiymətli metalların hasilatı, emalı prosesi, tətbiq edilən istehsalat texnologiyaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Gələcəyin mədənçisi” layihəsində əsas məqsəd “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda qeydiyyatda olan şagirdləri hazırlıq kurslarına cəlb etməklə onların dağ-mədən sahəsi üzrə ali təhsil müəssisələrinə qəbulunu stimullaşdırmaqdır. Səhmdar Cəmiyyət Daşkəsən məktəblilərinin dağ-mədən mühəndisliyi, metallurgiya, geologiya üzrə ali təhsilinə dəstək olaraq, şirkətin peşəkar kadr ehtiyacının hasilat bölgələrində yaşayan sakinlərin hesabına ödənilməsini, bununla bölgədə məşğulluğun artırılması, gənclərin savadlı mütəxəssis olaraq yetişməsinə töhfə verməyi hədəfləyir.