Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər
Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq icazə veriləcək.
“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Belə ki, xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Sürücülər təlimlərdə iştirak etmək üçün AYNA-nın Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu günədək 11 min 845 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib.