EkologiyaEventsIqtisadiyyatSağlamlıqSərgiTəqdimat

“İstehsal et, təbiətə zərər vermə!” devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “İstehsal et, təbiətə zərər vermə!” devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçiriləcək.

Aprelin 28-30-da keçiriləcək sərgi-satış yarmarkasında 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olunacaq. Eyni zamanda tədbirdə at və fayton gəzintisi, Şahdili turu, ustad dərsləri və digər əyləncəli proqramlar təşkil ediləcək.

Tədbir iştirakçıları səhər saat 11.00-dan 17.00-dək Şahdili mənzərəsi fonunda yarmarkada təqdim olunan məhsullardan bəhrələnmək, əyləncəli xidmətlərdən istifadə etmək, Abşeron Milli Parkını ödənişsiz ziyarət etmək imkanı qazanacaqlar.

Sərgi-satış yarmarkasının keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının prioritetlərindən olan ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə bir daha diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, təbiətə həssaslıq, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi və s. kimi ideyaların təbliğidir.

Tədbir, həmçinin dövlət-özəl sektor münasibətlərinin qarşılıqlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsi, Azərbaycanın milli parklarında təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayişi və xidmət sferasına sahibkarlıq subyektlərinin cəlb edilməsini də özündə ehtiva edir.

Qeyd edək ki, hər həftənin şənbə və bazar günləri Abşeron Milli Parkına “Koroğlu metrosu – Abşeron Milli Parkı” marşrut xətti üzrə avtobus (saat 10:30 çıxış, 16:30 qayıdış) fəaliyyət göstərir. Yarmarkanı ziyarət etmək istəyənlər bu xidmətdən istifadə edə bilərlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!