Kaspersky şirkətlər üçün təlimatlar təqdim edir
“Kaspersky Digital Footprint Intelligence” komandasının mütəxəssisləri şirkətlər üçün qaranlıq internetdə (dark web) məlumat sızmasının izlənilməsi və onlara reaksiya verilməsi prosesinin necə təşkil edilməsinə dair ətraflı təlimatlar hazırlayıblar. Təlimatlar ilk növbədə “Cyber Threat Intelligence” analitikləri, SOC analitikləri və mühəndisləri, insidentlərə cavab verən mütəxəssislər və informasiya təhlükəsizliyi mütəxəssisləri üçün faydalı olacaq.
Təcavüzkarlar daima məxfi korporativ məlumatları oğurlamaq üçün yeni üsullar düşünürlər. Bu, istənilən sənaye və istənilən ölçülü şirkətlər üçün real təhlükədir. “Kaspersky Digital Footprint Intelligence”*in məlumatına görə, 2022-ci ildə məlumat sızmasına məruz qalmış təşkilatların 42%-nin bu cür hadisələrin həllinə cavabdeh olan məsul şəxsi olmayıb. Şirkətlərin dörddə birindən çoxu (28%) ya bildirişə cavab verməyib, ya da bunun onları narahat etmədiyini bildirib. Şirkətlərin yalnız 22%-i kiber insidentlə bağlı məlumatlara lazımi cavabı verib, 6%-i isə baş verənlərdən artıq xəbərdar olduğunu bildirib.
Kaspersky-nin təfərrüatlı təlimatları şirkətlərə sızmaya cavab vermə prosesini strukturlaşdırmağa – lazımi addımları müəyyən etməyə və məsul şəxslərə xüsusi rollar təyin etməyə imkan verəcək. Təlimat təkcə texniki təfərrüatları, məsələn, insidentləri tez bir zamanda müəyyən etmək üçün qaranlıq veb resurslarının davamlı monitorinqi sisteminin necə qurulmasını deyil, həm də media, müştərilər, tərəfdaşlar, yüksək səviyyəli menecerlər və digər əlaqəli şirkətlərlə effektiv ünsiyyət qurmağa dair dəyərli tövsiyələri ehtiva edir.
“Şirkətlər çox vaxt insident nəticəsində necə davranmalı olduğunu, mümkün zərəri, reputasiya və maliyyəni minimuma endirmək üçün nəinki tez, həm də düzgün reaksiya verməli olduğunu başa düşmür. Biz görürük ki, bizneslərin sızmalara cavab vermək üçün aydın strukturlaşdırılmış bir prosesə ehtiyacı var və bu cür hadisələr tezliklə dayanmayacağından, biz çoxillik təcrübə və biliyimizi müfəssəl çoxsəhifəli təlimat kitabçasında bölüşmək qərarına gəldik. Əminik ki, bu, əksər şirkətlər üçün faydalı olacaq”, – deyə “Kaspersky Digital Footprint Intelligence” şirkətinin baş analitiki Anna Pavlovskaya bildirir.
Məlumat sızması və qaranlıq internetdə nəşrlərlə bağlı insidentlərin tez müəyyən edilməsi strategiyaları, bərpa üsulları, həmçinin cari təhlil və reaksiya üsulları ilə buradan tanış ola bilərsiniz: https://dfi.kaspersky.ru/blog/dark-web-threats-response-webinar.
*Burada və daha sonra “Kaspersky Digital Footprint Intelligence” xidmətinin qaranlıq internetdə oğurlanmış korporativ məlumatların peyda olması ilə bağlı bildirişləri nəticəsində toplanmış qlobal məlumatlar göstərilib.