“Media haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda təsdiqlənib
Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.
Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
“Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.
Layihəyə əsasən, media subyektinə dair tələblər aşağıdakılardır:
– təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
– təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
– media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
– yuxarıda nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
Layihəyə əsasən, aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
– ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
– məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
– siyasi partiyalar (çap mediası istisna olmaqla);
– dini qurumlar (çap mediası istisna olmaqla).
Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən bir ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə bir ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər bir ay müddətində Şuraya təqdim olunmalıdır. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə qanunun tələblərinə cavab verməlidir.
Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əsasən, kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər. Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.