“PAŞA Sığorta” ASC və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu arasında Anlaşma Memorandumu imzalanıb!
PAŞA Sığorta ölkə iqtisadiyyatının inkişafına təsir göstərəcək dövlət layihəsinə dəstək istiqamətində mühüm addım atıb. Cari ilin 27 oktyabr tarixində PAŞA Sığorta və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən Memorandumun imzalanmasında əsas məqsəd Səlahiyyətli Qurumun, onun inzibati müəssisələrinin və hüquqi şəxslərinin Azad Zonadakı fəaliyyətlərinə dair sığorta və təkrarsığorta ehtiyaclarının qarşılanması və bununla bağlı Azad Zonada sığorta fəaliyyətinin təşkilidir.
Memorandumu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun sədri Valeh Ələsgərov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.
İmzalanma mərasimində hər iki tərəf növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında həyata keçiriləcək işlər haqqında müzakirələr aparılıb.
“Dövlət siyasətimizdə yer alan, Azərbaycana iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək bu zona ilə əməkdaşlığa başlayan ilk sığorta şirkəti olmaqdan qürur duyuruq.” – deyə Ülviyyə Cabbarova bildirib. Ülviyyə Cabbarova həmçinin, yaxın dövrdə bu Azad Zonada PAŞA Sığorta nümayəndəliyinin açılışının həyata keçirilməsi üçün müəyyən işlərin davam etdiyini də qeyd edib.