Sabirabadda vətəndaşlara ağac tingləri paylanılıb
“Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bu dəfə Sabirabad rayonunda yerləşən “Bazarstore” marketin qarşısında keçirilib.
Nazirliyin mətbuat xidmətindən Frame.az-a verilən xəbərə görə, “Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 33 ədəd işlənmiş batareya, ümumi tutumu 160 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Növbəti aksiya martın 24-də saat 12:00-da Lənkəranda yerləşən “Bazarstore” marketin qarşısında keçiriləcək.
Qeyd edək ki, tingpaylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.
Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda, tullantıların sayının minimuma endirilməsinə və təkrar emala dəstək olmağa çağırır.