STP ilə Sumqayıt Kimya Sənaye Parkınının nəzdində Peşə Təhsil Mərkəzi Memorandum imzalayıb
Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkının (SKSP) nəzdində olan Peşə Təhsil Mərkəzi əməkdaşlıq barədə memorandum imzalayıb. Görüşdə STP-nin Baş direktoru Ruslan Ağabəyli, Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva, SKSP-dən Baş direktorun muavini Fuad Məhərrəmov, Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və hər iki tərəfdən digər nümayəndələr iştirak edib.
Memorandum müxtəlif peşə ixtisasları üzrə təhsil alan tələbələrin STP və onun törəmə şirkətlərinin bazasında istehsalat təlimi və təcrübəsini keçmələrinə şəraitin yaradılmasını nəzərdə tutur. Həmçinin, əməkdaşlıq çərçivəsində STP əməkdaşlarının SKSP-nin Peşə Təhsil Mərkəzinin təlim-tədris imkanlarından faydalanması nəzərdə tutulur. Əməkdaşlığın başlıca məqsədi gələcək kadr ehtiyaclarının ödənilməsi, cari insan resurslarının keyfiyyətini və peşəkarlırığı artırmaq istiqamətində birgə fəaliyyətin göstərilməsidir.
Qeyd edək ki, STP 2020-ci ilin sonunda yer almış struktur və korporativ idarəetmə sistemindəki yeniliklərdən sonra sənaye sektoruna xarici təcrübələrin gətirilməsi, həmçinin gələcəyin peşəkarları olacaq gənc kadrların hazırlanması istiqamətində bir sıra təşəbbüslər reallaşdırıbdır. Bundan öncə müəssisə Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalamışdır.