EventsMədəniyyətTəqdimat

“Şuşa söhbətləri” layihəsi çərçivəsində növbəti görüş

Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Şuşa İli” ilə əlaqədar təşkil etdiyi “Şuşa söhbətləri” (Şuşa talks) layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlərin iştirakı ilə “Tarixi zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri” mövzusu müzakirə olunub.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqda məlumat verərək bildirib ki, “Şuşa söhbətləri” nazirliyin bu il başladığı layihələrdəndir. Məqsəd blogerlərin, influenserlərin Şuşanın mədəni dirçəlişilə bağlı təkliflərinin öyrənməkdir. Qeyd edib ki, bugünkü görüş kino sahəsinə aiddir.

Mədəniyyət Nazirliyi şöbə müdiri Rüfət Əliyev nazirlik tərəfindən çəkilən filmlər, layihələr barədə məlumat verib. Bildirib ki, 2 il ərzində nazirliyin dəstəyi ilə 74 film çəkilib, onlardan 30-u tammetrajlı filmdir. Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filmi, “Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filmi çəkilən ekran əsərləri sırasındadır. Qeyd edib ki, “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən 10 film çəkilib. Hazırda bu silsilədən olan filmin çəkilişləri davam edir. Eyni zamanda Türkiyənin “Bozdağ film” studiyası “Qarabağ Vətən müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilişlərini aparacaq.

Kinorejissor, Xalq artisti Vaqif Mustafayev bildirib ki, “Fəryad” filmi ni çəkərkən Birinci Qarabağ müharibəsi davam edirdi: 44 günlük Vətən müharibədən sonra “Fəryad” filmi daha da baxımlı oldu və sosial şəbəkələrdə onun ikinci hissəsinin çəkilməsi barədə təkliflər irəli sürüldü. İnsanlar “Fəryad” filminin davamını görmək istəyirlər. Soruşurdular ki, nə üçün Vaqif Mustafayev “Fəryad 2” filmini çəkmir. Bu təkliflər artdıqca Mədəniyyət Nazirliyi filmin davamını çəkmək üçün mənə müraciət etdi, dövlətlə xalqın istəyi üst-üstə düşdü və beləcə “Həyat deyəsən gözəldir” filmi yarandı”.

“Şuşa, sən azadsan!” sənədli filminin rejissoru Cavidan Şərifov filmin kadrarxası tərəflərindən bəhs edib: “Biz Şuşaya gedərkən məqsədimiz film çəkmək deyil arxiv materialları əldə etmək, müharibədən sonra dağıntıları lentə almaq idi. Rəhbərlik kadrlara baxdıqdan sonra filmin hazırlanması ilə bağlı tapşırıq verdi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. İkinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb”.

Əməkdar incəsənət xadimi Cəmil Quliyev Qarabağda çəkilən filmlər barədə məlumat verib: “Azərbaycan kino tarixində yüksək intellektlə, daxilindəkiləri ekrana çıxartma qabiliyyətinə malik olan yeganə rejissor Səməd Mərdanov olub. O, Qarabağda köçərilərin həyatı ilə bağlı qısametrajlı film çəkib. Təəssüf ki, həmin film bugünədək qalmayıb. Rejissor Əbdül Həsənov Qarabağla bağlı bir neçə film çəkib, eləcə də rejissor Hüseyn Seyidzadə “Koroğlu” filmini çəkilişlərini Əsgəran qalasında aparmışdı. Bu rejissorlar Azərbaycan kinosuna böyük töhfələr verən insanlardır”.

Sonra jurnalistlərin sualları cavablandırıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!