EventsMədəniyyətTəqdimat

TÜRKSOY-un Baş katibliyi tərəfindən “Türk Dünyasının Muzeyləri Paneli”

27-28 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində TÜRKSOY-un Baş katibliyi tərəfindən “Türk Dünyasının Muzeyləri Paneli” keçirilmişdir. Məşhur macar etnoqrafı, türk xalqları və şamanizm haqqında tədqiqatlar aparmış Dioszegi Vilmosun 100 illiyinə həsr olunmuş panelə türk dünyasının qabaqcıl muzeylərinin rəhbərləri və aparıcı mütəxəssisləri dəvət olunub.

TÜRKSOY Muzeylər Birliyi, TDT Avropa Ofisi və Macarıstan Etnoqrafiya Muzeyi ilə iş birliyində reallaşan toplantıda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova da iştirak etmişdir. O, TÜRKSOY Muzeylər Birliyinin dönəm rəhbəri kimi tədbirdə açılış nitqi ilə çıxış edib. Türk dövlətlərinin muzeyləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində artıq ənənə halını almış bu toplantıların önəmini vurğulayıb. Macarıstanla türk dünyası arasında tarixən mövcud olan və müasir dövrdə getdikcə güclənən qarşılıqlı mədəni əlaqələrdən bəhs edib. Daha sonra toplantı panel sessiyalarla öz işini davam etdirib.

Birinci sessiyada Şirin Məlikova “Muzey və ziyarətçi: Əməkdaşlıq üfüqləri” adlı geniş məruzəni iştirakçıların diqqətinə çatdırıb. Məruzədə Azərbaycan Milli Xalça Muzeyinin ziyarətçilərlə müasir tələblərə uyğun qurulmuş iş prinsiplərindən, tamaşaçılarda qədim milli irsə maraq yaradılması istiqamətində həyata keçirilən çoxsaylı mədəni, təhsil layihələrindən və bu aspektdə digər mühüm məsələlərdən bəhs olunub. Məruzə sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələr zamanı Şirin xanım ona ünvanlanan sualları cavablandırıb.

Panelə qatılan Türkiyə, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s. ölkələrin nümayəndələri muzey sferasını və etnoqrafik tədqiqatları əhatə edən digər maraq doğuran məruzələrlə çıxış etmişlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!