Zərifə Salahovanın 90 illik yubileyi keçirildi

Fevralın 2-də Zərifə Salahovanın anadan olmasının 90 illik yubileyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri onun 20 il bundan əvvəl yaratmış olduğu İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinə gələrək Zərifə xanımı təbrik etdi.

Nazir Z.Salahovanın Azərbaycan Respublikasının ictimai və mədəni həyatında fəal iştirak etdiyini və onun fəaliyyətinin həm dövlətimiz, həm də xarici ölkələr tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Həmçinin, 1 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik etdi.

Zərifə xanım diqqətinə görə nazirə minnətdarlığını bildirdi və onu yaratdığı muzeyin kolleksiyası ilə tanış etdi. Daha sonra nazir “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Zərifə Salahovaya təqdim etdi. Sonda nazir Zərifə xanımın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirdi.

Qeyd edək ki, Z.Salahovanın 2002-ci ildə əsasını qoyduğu Miniatür Kitab Muzeyində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8500-dən çox miniatür kitab saxlanılır. Miniatür Kitab Muzeyi dünyanın ən böyük miniatür kitab kolleksiyası nominasiyası üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş və “Guinness World Records” sertifikatı ilə təltif edilmişdir.  Hazırda, Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan 3500 ədəd miniatür kitab muzeydə nümayiş etdirilir. Muzeyin ekspozisiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin yer aldığı miniatür kitablarla yanaşı, dini miniatür kitablar da nümayiş olunur. Muzeyin fondları yeni nəşrlərlə daimi zənginləşdirilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!