Ağsu şəhidlərinin anım mərasimi keçirilib

Aprelin 7-də Ağsu rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Ağsu şəhidlərinə həsr edilmiş anım tədbiri keçirilib.

Frame.az-ın məlumatına görə, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, gənc yazar Rəfiqə Rafiqqızının ideya müəllifliyi ilə baş tutan tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Millət vəkili Tahir Kərimli, müharibə iştirakçıları şəhid ailələri və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin giziri Toğrul Fərəczadənin məzarını ziyarət edib, şəhidin ruhuna dualar oxunub.

Daha sonra Ağsu rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, bədii kompozisiya ilə davam edib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, Ağsu rayonundan olan 115 şəhid haqqında məlumatlar və fotolardan ibarət video rolik nümayiş olunub.

Mərasimi açıq elan edən gənc yazar Rəfiqə Rafiqqızı tədbirin mahiyyəti barədə danışıb. Bildirib ki, şəhidlərlə bağlı anım tədbirlərinin keçirilməsi hər bir vətəndaşın borcudur: “Biz də müəyyən qədər bu borcumuzu yerinə yetirməyə çalışırıq. Əslində, bizim keçirdiyimiz bu cür tədbirlər şəhidlərin Azərbaycan üçün, bizim üçün gördükləri işlərin bir faizi deyil. Çünki şəhidlər bizim sakit, təhlükəsiz yaşamağımız, Azərbaycanımızın ərazi bütövlüyünün qorunması üçün canlarından keçiblər, vətən torpağını öz qanları ilə yoğurublar. Ona görə də biz şəhidlərimizi hər il, hər ay deyil, hər an yaşatmalıyıq. Şəhidlər ölmür, onlar daim qəlblərdə yaşayır”.

Tədirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Ağsu şəhidlərindən 2-si Azərbaycanın ilk milli qəhrəmanlarından, 1 nəfər isə 2016-cı ilin aprel şəhididir: “Bu gün hər birimiz şəhidlərimizə borcluyuq. Onlar vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı səhifəsinə öz qanları ilə tarix yazdılar. Ağsu şəhidləri sübut etdilər ki, ağsulular hər an vətənin müdafiəsinə qalxmağa, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Biz hamımız bir nəfər kimi Ali Baş Komandanın əmrini gözləyirik. Yaşından asılı olmayaraq ağsulular bir nəfər kimi döyüşə getməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə hazırdırlar”.

Tədbirdə çıxış edən millət vəkili Tahir Kərimli isə bildirib ki, əslində köçəri millət olan, çar Rusiyası tərəfindən Azərbaycan ərazisində yerləşdirilən ermənilər tarixən azərbaycanlılara, türklərə qarşı təxribatçı mövqeyində olub: “Bu gün Xocalıda qətliam törədən, azərbaycanlı körpəni divara mismarlayan, qadınlarımızı vəhşi işgəncə ilə qətlə yetirən erməni Zori Balayan Ermənistanın milli qəhrəmanı elan olunub. Amma, heç bir azərbaycanlı erməni körpəsin, erməni qadınınına qarşı o vəhşiliyi etməz. Çünki biz türkük, çünki biz azərbaycanlıyıq. Biz düşmənlə də kişi kimi düşmənçilik etməyi bacarırıq”.

T. Kərimli bildirib ki, bu gün Azərbaycan şəhidləri hər bir azərbaycanlının qəlbində yaşayır.

Anım tədbirində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev isə Aprel zəfərinin əhəmiyyətindən danışdı. Bildirib ki, Aprel zəfəri Azərbaycanın qəhrəman oğullarını üzə çıxardı: “Biz aprel döyüşləri ilə ən əsası ermənilərin “keçilməz sədd” mifini dağıtdıq. Bütün dünyaya sübut etdik ki, Azərbaycan ordusu daim öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında 52-ci yerdədir. Ermənistan isə bu cədvəldə 96-cı yerdə qərarlaşır. Bizim ordumuz sübut etdi ki, daim döyüşə hazırdır və yalnız hücum əmrini gözləyir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: